|
Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olmuş, 21 nəfər itgin düşmüş, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanmışlar. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olmuşdur. XDMX-nin hərbi qulluqçusu – Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1995-ci il tarixli Fərmanı ilə XDMX-nin 3 nəfər hərbi qulluqçusu «Azərbaycan Bayrağı» ordeni, 46 nəfər hərbi qulluqçusu «Hərbi xidmətlərə görə» medalı ilə, 26 dekabr 1998-ci il tarixli Fərmanı ilə 3 nəfər hərbi qulluqçusu «Azərbaycan Bayrağı» ordeni ilə, 23 nəfər «Hərbi xidmətlərə görə» medalı ilə, 14 nəfər isə «İgidliyə görə» medalı ilə təltif olunmuşdur.
|