«Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram»
Heydər Əliyev
«Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə Azərbaycanın müstəqilliyini qorudu»
İlham Əliyev
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ HAQQINDA
XDMX HAQQINDA

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının Prezidenti tərəfindən 26 dekabr 2012-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnaməni rəhbər tutur. Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edən hər bir hərbi qulluqçu öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir və onu layiqincə yerinə yetirir.

Xidmətimizin tarixi, əslində ilk Demokratik Cümhuriyyət dövründən başlanır. Belə ki, 18 fevral 1919-cu ildə Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin Parlamentinin 15-ci iclasında "Azərbaycan Parlamentinin Mühafizə Dəstəsi"nin yaradılması haqqında qanun qəbul edilmişdir. Qanunda Parlamentin ixtiyarında olan "Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü" yaradılmış, əvvəllər 1-ci Tatar Alayının rotmistri vəzifəsində xidmət etmiş podpolkovnik Nağı Əli-zadə Mühafizə Bölüyünün rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri bir qurum kimi öz inkişafını davam etdirmişdir. Belə ki, Xüsusi Dövlət Mühafizə Xidməti 1931-ci ildən 1935-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi, 1936-cı ildən 1972-ci ilə qədər Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-Sovet Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyət göstərmişdir. Nəhayət, 1991-ci ildə Azərbauycan öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra xidmət həmin ilin sentyabr ayının 25-dən dekabrın 5-dək Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilmiş, 05 dekabr 1991-ci ildən isə yenidən DİN-nin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyətini davam etdirmişdir. 25 fevral 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası DİN-nin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi birləşdirilmiş və Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi yaradılmışdır.

Yaxın keçmişimizə nəzər saldıqda aydın görürük ki, Azərbaycan xalqı hansı bəlalarla üzləşmişdir. Sovetlər Birliyinin tərkibində olarkən xalqımıza yenidənqurma pərdəsi altında qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" problemi yaradılmış, 20 yanvar 1990-cı ildə isə xalqımız öz haqq səsini ucaldarkən dəhşətli faciə ilə üzləşmişdir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dövlət idarəçiliyi sistemində bir müddət pərakəndəlik, dağınıqlıq əmələ gəldi. Azərbaycan xalqı hətta tarixdə ikinci dəfə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə izləşdi. Həmin vaxtlar dövlət idarəçiliyinin sükanını ələ keçirmiş adamların naşılığı, siyasi səriştəsizliyi, öz şəxsi ambisiyalarını xalqın mənafeyindən üstün tutmaları, mövcud ictimai-siyasi hadisələri düzgün qiymətləndirə bilməmələri baş verən ağır prosesləri daha da mürəkkəbləşdirmişdir. Hakimiyyətdaxili mübarizələr, anarxiya, xaos Azərbaycanı uçurum qarşısına gətirib çıxarmışdır.

Yalnız 15 iyun 1993-cü ildə xalqın çağırışı ilə Azərbaycanın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqı fəlakətdən qurtardı, ölkədə dirçəliş başlandı. Bəli, Heydər Əliyev dahi şəxsiyyət idi. Belə şəxsiyyətlər həmişə xalqın və dövlətin həyatında ən mürəkkəb, taleyüklü məsələləri həll etmək üçün tarixin lazımi məqamlarında meydana çıxırlar. Heydər Əliyev öz sələflərindən fərqli olaraq hakimiyyətdən şəxsi ambisiyalarını həyata keçirmək üçün deyil, Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtarmaq, dünyəvi, hüquqi, demokratik dövləti qurmaq, cəmiyyəti inkişaf etdirmək kimi müqəddəs vəzifələri yerinə yetirmək naminə istifadə etdi. Qətiyyətlə deyə bilərik ki, 1993-cü ildən sonra demokratik Azərbaycan dövlətinin inkişafı yolunda əldə olunan bütün nailiyyətlər yalnız Heydər Əliyevin yürütdüyü müdrik daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Xüsusi Dövlət Mühafizə Xidmətinin müasir tarixinin ən unudulmaz səhifələri də ulu öndərin adı ilə bağlıdır. 23 avqust 1993-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci ilin dekabr ayının 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyası bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında 734 saylı Fərman imzalamış, 20 sentyabr 1993-cü il tarixli 770 saylı Fərmanı ilə Baş Mühafizə İdarəsinin Əsasnaməsini və strukturunu təsdiq etmişdir.

Xüsusi Dövlət Mühafizə Xidməti digər xüsusi xidmət orqanları ilə müqayisədə gənc olmasına baxmayaraq, şanlı döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularından 13 nəfəri şəhid olmuş, 21 nəfəri itkin düşmüş, 55 nəfəri isə ağır yaralanmışdır. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olmuşdur. Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqmusu - Milli Qvardiyanın Alay komandiri Əfqan Qaraxan oğlu Hüseynov göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, çavuş Hacəliyev Camal Şakiroviç isə (ölümündən sonra) "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur. Milli Qvardiyada Əfqan Hüseynovun büstünün açılışı mərasimində ulu öndər Heydər Əliyev özü iştirak etmişdir.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində respublikamızda müəyyən qüvvələr sabitliyi pozmaq, dövlət çevrilişi etmək kimi çirkin niyyətlərə əl atmışdırlar. Böyük qürur hissi ilə deyə bilərik ki, bu mənfur niyyətlərin qarşısının alınmasında, gənc dövlətçiliyimizin qorunmasında Xüsusi Dövlət Mühafizə Xidmətinin bütün şəxsi heyəti böyük cəsarət nümayiş etdirərək, öz Prezidentinə, xalqına, Vətəninə sadiq olmuş, o ağır, mürəkkəb günlərdə layiqli və qüsursuz xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Konstitusion Dövlət quruluşunun müdafiəsində, dövlət əhəmiyyətli mühüm obyektlərin qorunmasında xüsusi xidmətlərinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin bir sıra hərbi qulluqçuları orden və medallarla təltif edilmişlər.

Respublikada baş verə biləcək terror aktlarının qarşısının alınmasında Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi rolu vardır. 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Prezident səlahiyyətlərini həyata keçirən cənab Heydər Əliyev işə gedərkən telestudiya istiqamətində xarici ölkə vətəndaşı tərəfindən snayper silahı ilə ona qarşı hazırlanan suiqəsdin dəf edilməsində, 1995-ci ildə "Sabunçu" körpüsü üstündə Azərbaycan və Ukrayna Prezidentlərinin birgə hərəkət etdikləri kortejin partladılması cəhdinin qarşısının alınmasında Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi fəaliyyəti olmuşdur. 1997-ci ildə "Qaqarin" körpüsünün altında Milli Qvardiyanın əsgərləri tərəfindən baxış keçirilərkən qumbaranın aşkar edilməsi, eləcə də Əl Oyunları Sarayında keçirilən tədbirdən əvvəl texniki yoxlama zamanı mütəxəssislərimiz tərəfindən partlayıcı qurğunun tapılaraq zərərsizləşdirilməsi nəticəsində planlaşdırılmış terror aktlarının qarşısı alınmışdır. Bütün bu fəaliyyət ona görə uğurlu olmuşdur ki, ulu öndər Heydər Əliyev daim Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatı ilə yaxından maraqlanmış, ona etibar etmiş, böyük etimad göstərmiş və dəfələrlə öz çıxışlarında Xidmətimizin şəxsi heyətinə inandığını, arxalandığını bildirməklə yanaşı, həm də dəyərli məsləhətlər, tövsiyyələr vermiş, tələblərini söyləmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 6 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılmış, cənab Prezidentin 31 may 2003-cü il tarixli 872 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin yeni Əsasnaməsi təsdiq edilmişdir. 31 may 2003-cü il tarixli 873 saylı Fərmanı ilə ulu öndər böyük etimad göstərərək Azərbaycan iqtisadiyyatının şah damarı olan ixrac neft və qaz boru kəmərlərinin mühafizəsini də Xidmətimizə tapşırmış və bu məqsədlə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibinda İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaratmışdır. Bu gün İdarə Səngəçal Terminalının və Azərbaycanın quru ərazisində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Cənubi Qafqaz ixrac qaz boru kəmərinin, Bakı-Supsa ixrac neft boru kəmərinin, Bakı-Novorossiysk ixrac neft boru kəmərinin, Cənub Qaz Dəhlizinin və onların ifrastruktur obyektlərinin mühafizəsini həyata keçirir.

2003-cü ildə Azərbaycan xalqı bir daha ulu öndərin siyası kursuna inamını və sadiqliyini nümayiş etdirərək, oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Bütün sahələrdə olduğu kimi, cənab İlham Əliyevin rəhbərliyi altında, Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətində quruculuq işləri daha sürətlə davam etdirilir. Cənab İlham Əliyev tərəfindən 2005-ci ilin oktyabr ayında Hərbi şəhərciyimizin açılışı zamanı "Azərbaycan tarixinin ən çətin anlarında, 1994-1995-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndər Heydər Əliyevi qorudu, onun mühafizəsini təmin etdi və beləliklə Azərbaycan dövlətçiliyinin müstəqilliyini qorudu" söyləməsi Xidmətimizin hər bir əməkdaşının fəaliyyətinə verilən ən yüksək qiymət idi.

Xidmətimiz respublikada rabitə və informasiya texnologiyaları sahəsində öz yerini tapmış, ən müasir texnologiyaları tətbiq edərək dövlət orqanları üçün telekommunikasiya sistemləri yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2012-ci il tarixli 708 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. Hal-hazırda Agentlik dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini və şəbəkələrini, idarələrarası elektron sənəd dövriyyəsini, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsini, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini etmək məqsədilə xüsusi texniki tədbirləri hazırlayıb həyata keçirən qurumdur.

Cənab İlham Əliyevin 10 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsi yaradılmış, onun Əsasnaməsi və ştat strukturu təsdiq olunmuşdur. İdarə Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının yerləşdiyi binaların, tikililərin fiziki və texniki mühafizəsini, informasiya təhlükəsizliyini, habelə nümayəndəliklərdə çalışan işçi heyətinin təhlükəsizliyini təmin edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2013-cü il tarixli 3017 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. Cəmiyyət ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində, istifadəsində olan ovçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, onların qorunub saxlanılması, orada ovçular və balıqçılar üçün müəyyən xidmətlərin təşkil olunması, habelə ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün və orada mövcud olan vəhşi heyvanların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərinin həyata keçirilməklə yanaşı, Azərbaycanda ovçuluq turizminin, habelə ovçulara xidmətlərin təşkili və həyata keçirilməsi sahəsində də fəaliyyət göstərir.

Cənab Prezidentin 09 fevral 2017-ci il tarixli 1227 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Feldyeger Rabitəsi İdarəsi yaradılmışdır. İdarənin hərbi qulluqçuları Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusi əhəmiyyətli, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik və digər göndərişlərin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatıdırılmasını təmin edir.

Biz fəxrlə deyə bilərik ki, bu gün Xüsusi Dövlət Mühafizə Xidmətində sağlam əqidəli hərbi qulluqçular xidmət edir. Son illər Xüsusi Dövlət Mühafizə Xidmətinin işinin təşkili və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi sahəsində aparılan işlər şəxsi heyəti Azərbaycan dövlətçiliyinə, onun Prezidentinə layiq olan səviyyəyə gətirib çıxarmışdır.

Şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı təsdiq olunmuş xüsusi proqram əsasında həyata keçirilir. Bu proqram beynəlxalq antiterror təşkilatlarının döyüş təcrübəsini nəzərə almaqla hazırlanmışdır. Prezidentin Təhlükəsizlik Xidmətinin, Şəxsi Mühafizə İdarəsinin, Xüsusi Təyinatlı Dəstələrin və digər hissələrin hərbi qulluqçuları ilə xüsusi təlimlər təşkil olunur. Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik sözlərini xatırlamaq yerinə düşərdi: "Sizin vəzifələriniz mürəkkəbdir. Onları layiqincə yetirmək üçün birinci növbədə peşəkarlığınızı və biliyinizi gündən-günə artırmalısınız, dünya təcrübəsini, başqa ölkələrin mühafizə orqanlarının, qvardiyaların işini öyrənməlisiniz. Öz fəaliyyətinizi müasir dünyanın müvafiq orqanlarının peşəkarlıq səviyyəsinə qaldırmalısınız".



Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında XDMX hərbi qulluqçuları da şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olmuş, 21 nəfər itgin düşmüş, 55 nəfəri isə müxtəlif dərəcələrdə yaralanmışlar.Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olmuşdur. XDMX-nin hərbi qulluqçusu – Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.



DÖYÜŞ YOLU

FAYDALI KEÇİDLƏR
YENİLİKLƏRƏ ABUNƏ
Abunə ol