Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Xəbərlər

13.03.2017

«Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində» layihəsi çərçivəsində rayonlarda seminarlar keçirildi

IDEA İctimai Birliyinin təşəbbüsü ilə «Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində» layihəsi çərçivəsində Azərbaycanın bir neçə rayonunda yerli sakin və ovçular üçün seminarlar keçirilmişdir.

Seminarlar 7 mart tarixində İsmayıllı, 9 mart tarixində Masallı və 11 mart tarixində Sabirabad rayonunda təşkil edilmişdir. Seminarda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Regional İnkişaf İctimai Birliyi, Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF Azerbaijan) nümayəndələri, eləcə də ətraf mühit üzrə müstəqil ekspertlər iştirak etmişlər. Seminar iştirakçıları layihənin mahiyyəti, ov mövsümü və ovçuluq haqqında qanunlar, Azərbaycan təbiəti, qanunsuz ovçuluq və tətbiq edilən cərimələr, ovçuluqda etik qaydalar, Qırmızı Kitaba daxil olan və ov əhəmiyyətli heyvanlar haqqında təqdimatlar keçirmiş və müzakirələr aparmışlar.

Qeyd edək ki, seminarın praktiki hissəsi ovçuların iştirakı ilə İmişli rayonu ərazisində yerləşən «Sarısu» Ovçuluq Təsərrüfatında baş tutmuşdur. Sırf atıcılığa olan marağa görə fauna növlərimizin öldürülməsinin qarşısını almaq üçün, praktiki hissə zamanı ovçulara Novxanı və Qəbələdə fəaliyyət göstərən atıcılıq mərkəzləri haqqında məlumat verilmişdir. Onlara bu atıcılıq mərkəzlərində fauna növlərinə zərər yetirmədən də asudə vaxtlarını maraqlı keçirə biləcəkləri izah olunmuşdur. Qeyd edək ki, sözügedən atıcılıq mərkəzlərinin digər rayonlarda da açılması nəzərdə tutulub.

Ümumilikdə seminarlara 200 nəfərə yaxın ovçu və yerli sakin qoşulub.

«Məsuliyyətli ovçuluq» adlı ictimai maarifləndirmə layihəsinə 2016-cı ilin iyun ayında IDEA-nın təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Regional İnkişaf İctimai Birliyinin tərəfdaşlığı ilə başlanmışdır.

Layihənin həyata keçirilməsində əsas məqsəd ovçularda təbiətə qarşı məsuliyyətli davranışı təşviq etmək, ovlanması qadağan edilmiş fauna növlərinin öldürülməsi və ovçuluq fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi hallarının qarşısının alınmasıdır. Layihə çərçivəsində məsuliyyətli ovçuluqla bağlı ictimaiyyət, xüsusilə ovçular arasında geniş maarifləndirilmə işləri həyata keçirilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, IDEA tərəfindən ölkəmizin ovçuluq ənənəsi, təbiətimizin və biomüxtəlifliyin mühafizəsinin əhəmiyyəti, ətraf mühitin qorunması kimi dəyərlərin əks olunduğu və məsuliyyətli ovçuluğun təşviqinə həsr olunmuş videoçarx hazırlanmışdır. Həmçinin, ictimaiyyətin, xüsusilə də ov həvəskarlarının məlumatlandırılması məqsədilə layihə tərəfdaşları tərəfindən «Ovçuluq haqqında ümumi qaydalar», «Balıq və digər su bioresurslarından istifadə qaydaları» və «Qırmızı Kitabdan çıxarış» kimi maarifləndirici kitabçalar hazırlanaraq paylanmışdır.