Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Müalicə-Diaqnostika Mərkəzi

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişlər.

Xidmətin şəxsi heyəti və Müalicə-Diaqnostika Mərkəzinin kollektivi Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.

XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov dövlətimizin başçısına raport verdi.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı mərkəzlə tanış oldular.

General-polkovnik Vaqif Axundov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, mərkəzin tikilib istifadəyə verilməsi həm XDMX-nin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımdır. Dövlətimizin başçısının tapşırığına əsasən, Mərkəzin yaradılması üçün XDMX-yə Yasamal rayonunun ərazisində 0,6 hektar torpaq sahəsi və müvafiq maliyyə vəsaiti ayrılmışdır. XDMX-nin əməkdaşlarının sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədilə inşa edilən bu mərkəzdə əsasən Almaniya və digər Avropa ölkələrinin istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.

Qeyd edildi ki, tikintisinə 2009-cu ilin mayında başlanılan səkkizmərtəbəli mərkəzin həyətyanı sahəsi abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin iyununda başa çatdırılmışdır. Mərkəzdə dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunmuşdur.

Bildirildi ki, bu müasir tibb ocağında ulu öndər Heydər Əliyevin xatirəsi əbədiləşdirilmiş, "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir", - deyən ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan fotoguşə yaradılmışdır.

Dövlətimizin başçısı və xanımı əvvəlcə mərkəzin funksional diaqnostika şöbəsi ilə tanış oldular. Məlumat verildi ki, burada USM, kardioqram, exokardioqram, strestest, travmatologiya otaqları və iki müşahidə palatası fəaliyyət göstərir. Şöbədə quraşdırılan tibbi avadanlıq Avropa ölkələrinin istehsalıdır və ən müasir standartlara cavab verir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təcili yardım şöbəsinin fəaliyyəti ilə tanış oldular. Şöbədə xəstələrə yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

Mərkəzdə XDMX-nin və Milli Qvardiyanın formalaşmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin XDMX-nin şəxsi heyəti ilə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır. Binada 70 nəfərlik konfrans zalı, kompyuterlə təchiz olunmuş iclas zalı, arxiv, dəftərxana və digər xidməti otaqlar da vardır.

Mərkəzin əməliyyat bloku ilə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada üç əməliyyat otağı yaradılmışdır. Bu blokda daxili orqan, stomatoloji, qulaq-burun-boğaz əməliyyatları aparmaq mümkündür. Buradakı reanimasiya zalı da lazımi avadanlıqla təchiz olunmuşdur. Xüsusilə ağır xəstələr üçün ayrıca reanimasiya otağının da yaradıldığı əməliyyat blokundakı avadanlıq müasirliyi və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir.

Ümumi stasionar şöbədə isə 8 adi, 2 VİP palata xidmət göstərir. Hər bir palata telefon rabitəsi ilə təmin olunmuşdur.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, mərkəzdə pnevmatik ötürücü sistem quraşdırılmışdır. Bu sistemin köməyi ilə həm xəstələrə qulluq göstərilir, həm də onların laborator analizlərinin 10-15 saniyə ərzində göndərilməsi təmin olunur.

Mərkəzin ikinci və üçüncü mərtəbələrində isə poliklinika şöbələri yerləşir. Kolonoskopiya və qastroduodenoskopiya otaqlarında xüsusi avadanlıq quraşdırılmışdır. Bu mərtəbədə, həmçinin ginekoloji və stomatoloji müayinələr aparmaq da mümkündür. Müalicəvi bədən tərbiyəsi zalında oftalmoloq, nevropatoloq, fizioterapevt otaqları və fizioterapiya zalı da fəaliyyət göstərir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funksional diaqnostika şəbəkəsindəki rentgen otağında oldular. Buradakı rəqəmsal rentgen cihazı ən son texnologiya əsasında hazırlanmışdır. Kompyuter tomoqrafiyası 4D rejimində işləyir və bu avadanlıqla kardioloji, uroloji, damar müayinələrini aparmaq mümkündür.

Dövlətimizin başçısı və xanımı laboratoriyada yaradılmış şəraitlə də tanış oldular. Müalicə-Diaqnostika Mərkəzinin 40 nəfərlik yeməkxanası da vardır.

Bir sözlə, mərkəzin bütün xidmət sahələrində ən müasir standartlara cavab verən şərait yaradılmışdır.