5 Oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətində «Heydər Əliyev» muzeyinin açılış mərasimində iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Heydər Əliyev» muzeyinin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi, müstəqil Azərbaycanın memarı və qurucusunun zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış oldu.
Muzeydə yerləşdirilmiş Heydər Əliyev büstü Azərbaycan Respublikası Memarlar İttifaqının üzvü - memar Adil Əhmədov və Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü - heykəltəraş İslam Cəfərov tərəfindən ağ ural mərmərindən yaradılmışdır.
Heydər Əlirza oğlu Əliyevin gəncliyinə həsr olunmuş fotoeksponatlara nəzər yetirərkən məlumat verilmişdir ki, o, 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur; 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir.
Heydər Əliyev 1944-cü ilin yanvar ayında Dövlət Təhlükəsizliyi Orqanlarında xidmət etməyə həvəsi olduğunu bildirmiş, həmin ilin may ayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən ona verilən təqdimata əsasən Dövlət Təhlükəsizliyi Orqanlarına xidmətə götürülmüşdür.
Dövlət Təhlükəsizliyi Orqanlarında xidmət etdiyi dövrdə - 1950-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhəri SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi məktəbini və 1966-cı ildə Moskva şəhəri SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin F.E.Dzerjinski adına Ali məktəbini fərqlənmə ilə bitirmiş, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Sədr müavini, 1967-ci ildə isə Sədri vəzifəsinə təyin edilmişdir.
Heydər Əliyev general-mayor rütbəsinə qədər yüksələrək, Dövlət Təhlükəsizlik Komitəsi orqanlarında belə bir rütbə daşıyan ilk azərbaycanlı olmuşdur.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixli Plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan Respublikasına rəhbərlik etmişdir. Həmin və sonrakı dövrlərdə Heydər Əliyevin şəxsi və ailə həyatına aid fotoslaydlar nümayiş edilmişdir.
1982-ci ilin dekabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ Dövlətinə rəhbərlik edən şəxslərdən biri olmuşdur. İyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir.
Heydər Əliyev Vətənə xidmətlərinə görə 2 dəfə «Oraq və çəkic» qızıl medalı - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. O, 5 dəfə «Lenin» Ordeni, «Qırmızı Ulduz», «Oktyabr İnqilabı» və «1-ci dərəcəli Vətən müharibəsi» Ordenləri ilə, çoxlu sayda medal və fəxri nişanlarla təltif edilmişdir.
1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi rəhbərliyinin yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdaraq əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin il Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilmişdir. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
Heydər Əlirza oğlu Əliyev 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilir. 1998-ci ilin 11 oktyabr tarixində xalq etimad göstərərək Heydər Əliyevi ikinci dəfə prezident seçir.
10 oktyabr 1993 və 18 oktyabr 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimlərinə çıxarılan və onun andiçmə zamanı öpdüyü bayraqlar muzeydə öz əksini tapmışdır. Prezident Heydər Əliyevin qaçqınlarla görüşlərinə, onların problemləri ilə daima şəxsi görüşlərində yaxından maraqlanmasına aid olan foto eksponatlarla yanaşı Prezidentə hədiyyə edilən xalça muzeydə öz yerini tutmuşdur.
Azərbaycanın neft strategiyasına aid foto və kitab eksponatları. Azərbaycanın daxili və xarici siyasəti Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Respublikanın tərəqqisi və qüdrətlənməsi, xalqın firavan gələcəyi naminə istiqamətlənmişdir. Azərbaycan xalqının gələcəyi olan gənclərə böyük diqqət və qayğı göstərilməsinə aid foto eksponatlar.
Azərbaycanın bütün dünyada tanınmasında və beynəlxalq aləmdə öz layiqli yerini tutmasında Respublikanın apardığı xarici siyasətlə yanaşı Heydər Əliyevin dünya siyasətində olan şəxsi nüfuzu əvəzedilməz rol oynamışdır.
1994-cü ilin oktyabr 1995-ci ilin mart hadisələrində daxili və xarici düşmənlərimizin Respublikamızda sabitliyi pozmaq, dövlət çevrilişi etmək kimi çirkin niyyətlərinin qarşısının alınmasında, dövlətçiliyimizin qorunmasında Xüsusi Dövlət Mühafizə Xidmətinin bütün şəxsi heyətinin böyük fəaliyyəti olmuşdur. Respublika üçün o ağır, çətin və tale həlledici məqamda Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti böyük məsuliyyət və şərəflə səmimilik və sədaqətlik prinsipləri əsasında daima Respublika Prezidentinin ətrafında olmuş, onun etibarlı təhlükəsizliyini təmin etmişlər.Prezident Heydər Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşlərində söylədiyi nitqlərdən video kliplərin nümayişi...
Ümumiyyətlə Prezident Heydər Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə rəsmi dörd dəfə görüşləri olmuşdur: 1994-cü ilin 28 may tarixində Respublika Günü münasibəti ilə Prezident Heydər Əliyev Milli Qvardiya ərazisində Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşmüşdür. Sonralar 28 may Respublika Günü bayramlarında ənənə olaraq Prezident Heydər Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşlər keçirirdi.
Belə ki, Prezident 28 may 1995-ci il tarixində Milli Qvardiya ərazisində sabiq Milli Qvardiyanın alay komandiri Milli Qəhrəman Əfqan Hüseynovun büstünün açılışında iştirak etmişdir.
25 dekabr 1996-cı il tarixində Prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin bir sıra hərbi qulluqçularını xüsusi xidmətlərinə görə orden və medallarla təltif etmiş, Milli Qvardiyanın ərazisində əsgərlər üçün tikilmiş yeni kazarmanın açılışında iştirak etmişdir.
28 may 1998-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik Yubileyi münasibəti ilə Prezident Heydər Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşmüş, bir sıra hərbi qulluqçulara qiymətli hədiyyə (qol saatı) təqdim etmişdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundov şəxsi heyət adından Prezident Heydər Əliyevə qılınc hədiyyə etmiş, həmin qılıncın və qol saatlarının analoqları muzey eksponatların-da əksini tapır.
10 may 1998-ci il tarixində Prezident Heydər Əliyevin anadan olmasının 75 illik Yubileyi münasibəti ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin alpinizm üzrə yığma komandası Respublika Gənclər İdman və Turizm Nazirliyinin yığma komandasının tərkibində Qusar rayonunda yerləşən Qızıl-Qaya dağ zirvəsini (dəniz səviyyəsindən 3875 metr hündürlükdə) fəth edib, Zirvəni «Heydər Zirvəsi» adı ilə adlandıraraq orada xüsusi barelyef quraşdırmışlar. Zirvədən Prezident Heydər Əliyevlə telefon vasitəsi ilə əlaqə yaradıb, bu barədə ona məlumat verilmiş, 75 illik Yubileyi barədə təbriklər çatdırılmışdır.
Prezident Heydər Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin bir sıra rəhbər və hərbi qulluqçularına dövlət mükafatlarının təqdim edilməsinə həsr edilmiş fotoeksponat.
Heydər Əliyev və Xüsusi Dövlət Mühafizə Xidməti dövrünün xatirəsini əbədiləşdirmək məqsədi ilə Xüsusi Dövlət Mühafizə Xidmətində «Heydər Əliyev və Xüsusi Dövlət Mühafizə Xidməti» kitabı buraxılmışdır. Həmin kitab muzeyin ən qiymətli eksponatlarından biridir.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov «Heydər Əliyev və Xüsusi Dövlət Mühafizə Xidməti» kitabının birinci nüsxəsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəxsi heyət adından hədiyyə etdi.
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin binasındakı Heydər Əliyev muzeyinə qədəm qoyan hər kəs həyəcanlı anlar yaşayır. Çünki muzeydəki bütün sənədlər, arxiv materialları, foto və video çəkilişləri bilavasitə dahi rəhbərin adı ilə, onun təkraredilməz fəaliyyəti ilə bağlıdır, Xüsusi Dövlət Mühafizə Xidməti ilə əlaqələrinə aiddir. Və onu yaxından tanıyan, sevən, bütün həyatını onun mühafizəsinə həsr edən sədaqətli insanlar bu eksponatlarla tanış olduqca hər birinin qəlbində müdrik şəxsiyyətlə bağlı nə qədər kövrək, ilıq, işıqlı xatirələr oyanır...
30 oktyabr 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzində «Heydər Əliyev» muzeyinin açılış mərasimində iştirak etmişdir
Milli Qvardiyanın Heydər Əliyev muzeyi
23 avqust 2007-ci il tarixdə - Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 14-cü il dönümü ilə əlaqədar Milli Qvardiyanın ərazisində ucaldılmış ulu öndər Heydər Əlirza oğlu Əliyevin möhtəşəm abidəsinin, yeni inşa edilmiş 252 yerlik klub binasının, orada fəaliyyət göstərəcək Heydər Əliyev xatirə muzeyinin və Şərəf otağının təntənəli açılış mərasimi olmuşdur.
Muzeyin mərkəzində Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvləri Adil Talıbov və Cavanşir Dadaşov tərəfindən ağ ural mərmərindən hazırlanmış ulu öndər Heydər Əliyevin büstu qoyulmuşdur. Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 28 güşə hazırlanmışdır. Muzeyə girişin sağ hissəsində ulu öndər Heydər Əliyevin gənclik illərini, Dövlət Təhlükəsizlik Komitəsindəki xidmətini, Sovet Azərbaycanına və müstəqil Azərbaycana rəhbərlik etdiyi ictimai-siyasi və beynəlxalq fəaliyyəti dövrlərini əhatə edən fotolar yerləşdirilmişdir. "Heydər Əliyev və Xüsusi Dövlət Mühafizə Xidməti" adlı 14 güşə isə Muzeyin girişinin sol hissəsində yerləşdirilmişdir.