Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Hərbi Ovçuluq İttifaqı

«HƏRBİ OVÇULUQ İTTİFAQI»
MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT

«Hərbi Ovçuluq İttifaqı» Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra – «Cəmiyyət») «Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında» Azərbaycan Respublikasi Prezidentinin 24 iyul 2013-cü il tarixli, 3017 nömrəli Sərəncami ilə yaradılmışdır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 13 fevral 2014-cü il tarixli, 44 nömrəli Qərarı ilə «Cəmiyyət»in Nizamnaməsi və strukturu təsdiq edilmişdir. «Cəmiyyət» Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2014-cü il tarixli, 400 nömrəli Fərmanı ilə ««Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli, 69 nömrəli Fərmanında dəyişiklik edilmişdir. Edilmiş dəyişiklikliyə əsasən ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənədin – «Ovçuluq bileti»nin vermək səlahiyyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan «Hərbi Ovçuluq İttifaqı» Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə verilmişdir. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilən «Ovçuluq bileti»nin forması, qeydiyyatı və üzvlərə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cu il tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası»ilə tənzimlənir. «Cəmiyyət»in üzvlərinə verilən «Ovçuluq bileti» müddətsizdir və dəyəri 40 (qırx) manat təşkil edir. «Cəmiyyət»də illik üzvlük haqqı 24 (iyirmi dörd) manat (hər ay üçün 2 (iki) manat) məbləğındə müəyyən olunub.



«Cəmiyyət»in əsas məqsədi ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində və idarə edilməsində iştirak etməkdən ibarətdir. «Cəmiyyət»in əsas fəaliyyət istiqaməti kimi istifadəsində olan ovçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, onların qorunub saxlanılması, orada ovçular və balıqçılar üçün müəyyən xidmətlərin təşkil olunması, habelə ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün və orada mövçud olan vəhşi heyvanlarının yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əməl etməklə, «Cəmiyyət» dünyada tanınmış istehsalçılarının (Fausti, Beretta, Benelli, Sibergun, Huglu və s.) istehsal etdiyi ov silahlarının, atıcılıq sursatlarının, habelə ovçuluq-balıqçılıq ləvazimatlarının, idman inventarlarının və digər ovçuluq əşyalarının satışını həyata keçirir. Bunlarla yanaşı, 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyəti üçün verilmiş lisenziya əsasında Azərbaycanda ovçuluq turizminin, habelə ovçulara xidmətlərin təşkili və həyata keçirilməsi sahəsində də fəaliyyət göstərir.



«Cəmiyyət»in Nizamnamədən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 aprel 2014-cü il tarixli, 102 S nömrəli Sərəncamı ilə İmişli, Sabirabad və Saatlı rayonlarının inzibati ərazisində yerləşən sahəsi 18363.3 hektar olan «Sarısu» və 07 iyul 2015-ci il tarixli, 185 S nömrəli Sərəncamı ilə İmişli rayonunun inzibati ərazisində yerləşən sahəsi 10924.0 hektar olan «Şərbət-Qobu» Ovçuluq Təsərrüfatları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarılaraq Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin balansına verilmişdir.



Hal-hazırda həmin Ovçuluq Təsərrüfatları təyinatı üzrə istifadə olunur. «Sarısu» Ovçuluq Təsərrüfatının İmişli rayonunun inzibati ərazisinə düşən hissəsində «Cəmiyyət» tərəfindən təşkil olunmuş «Ovçular bazası» fəaliyyət göstərir. Ovçuluq Təsərrüfatlarında və «Ovçular bazası»nda ovçulara ödənişli əsaslarla «Cəmiyyət» tərəfindən bir sıra xidmətlər təklif olunur.

Ovçuluq Təsərrüfatlarında mövcud olan və ov obyektinə aid edilmiş vəhşi heyvanlarının növləri aşağıdakılardır:

Qaban Dovşan Qaşqaldaq
Ördək Cüllüt Qaz

«Cəmiyyət» öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və öz Nizamnaməsi əsasında həyata keçirir.



Məsuliyyətli Ovçuluq Azərbaycan

Əsl ovçu təbiətə hörmət göstərir, onun zərifliyini dərk edir və insanın təbiətə qarşı məsuliyətini anlayır. İzləyin və etik ovçu məsuliyyətlərini digərlərinə də göstərmək üçün videonu paylaşın.



Azərbaycan Respublikasının ərazisində ovçuluğun təşkilini və həyata keçirilməsini, ov obyektlərinin mühafizəsini və istifadəsini tənzimləyən, habelə «Cəmiyyət»in yaranması və fəaliyyəti ilə bağlı sənədləri bu keçiddən əldə edə bilərsiz.



Ünvan və əlaqə telefonları:
«Hərbi Ovçuluq İttifaqı» MMC
AZ 1073, Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 1128-ci keçid, ev 8.
Telefon:(+994 12) 535 70 50 Qəbul otağı
(+994 12) 535 16 30 Cəmiyyətin üzvləri ilə iş üzrə bölmə
(+994 51) 414 62 60 Cəmiyyətin üzvləri ilə iş üzrə bölmə
Faks:(+994 12) 535 70 51 Qəbul otağı
E-poçt: mail@hoi.dmx.gov.az
Veb sayt: www.hoi.dmx.gov.az
Facebook: @hoi.dmx.gov.az
«Sarısu» Ovçuluq Təsərrüfatı «Ovçular bazası»
Azərbaycan, İmişli rayonu.
Telefon:(+994 50) 234 09 24
(+994 55) 234 09 24
(+994 70) 234 09 24