Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

AZƏRBAYCAN RESPUBLİKASI
XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ


Milli Qvardiya

Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. "Qvardiya" - italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər."Qvardiyaçı" termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi.
Milli Qvardiya isə ilk dəfə Fransa İnqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır. SSRİ dağıldıqdan sonra öz müstəqilliyini əldə etmiş Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başladı. Mühafizə sisteminin əhəmiyyəti getdikcə daha da artdı, onun strukturu təkmillləşdi, tərkibi genişləndi. 25 dekabr 1991-ci ildə Milli Qvardiya yaradıldı. Qvardiyanın Əsasnaməsi, strukturu və vəzifə maaşları təsdiq edildi. İlk vaxtlar Milli Qvardiyada hərbi xidmət könüllülük qaydasında iki illik kontrakt əsasında idi. Şəxsi heyətin seçimi MTN, DİN və MN-in kadr orqanlarının köməkliyi ilə həyata keçirilirdi. 31 iyul 1992-ci il tarixli Fərmanın tələblərinə əsasən Milli Qvardiyanın ştat vahidi artırıldı. Bununla əlaqədar Milli Qvardiyada Alay yaradıldı.





Heydər Əliyev muzeyi

23 avqust 2007-ci il tarixdə - Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 14-cü il dönümü ilə əlaqədar Milli Qvardiyanın ərazisində ucaldılmış ulu öndər Heydər Əlirza oğlu Əliyevin möhtəşəm abidəsinin, yeni inşa edilmiş 252 yerlik klub binasının, orada fəaliyyət göstərəcək Heydər Əliyev xatirə muzeyinin və Şərəf otağının təntənəli açılış mərasimi olmuşdur.




Muzeyin mərkəzində Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvləri Adil Talıbov və Cavanşir Dadaşov tərəfindən ağ ural mərmərindən hazırlanmış ulu öndər Heydər Əliyevin büstu qoyulmuşdur. Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 28 güşə hazırlanmışdır. Muzeyə girişin sağ hissəsində ulu öndər Heydər Əliyevin gənclik illərini, Dövlət Təhlükəsizlik Komitəsindəki xidmətini, Sovet Azərbaycanına və müstəqil Azərbaycana rəhbərlik etdiyi ictimai-siyasi və beynəlxalq fəaliyyəti dövrlərini əhatə edən fotolar yerləşdirilmişdir. "Heydər Əliyev və Xüsusi Dövlət Mühafizə Xidməti" adlı 14 güşə isə Muzeyin girişinin sol hissəsində yerləşdirilmişdir.





Milli Qvardiya ölkəyə gələn ən yüksək səviyyəli qonaqların qarşılanması mərasimlərində iştirak edir