«Mən sizə inanıram, etibar edirəm, güvənirəm və bu şərəfli işinizdə sizə uğurlar arzulayıram»
Heydər Əliyev
«Azərbaycan üçün ən ağır günlərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndəri qorudu. Beləliklə Azərbaycanın müstəqilliyini qorudu»
İlham Əliyev
Feldyeger Rabitəsi İdarəsi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddi təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 fevral 2017-ci il № 1227


Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 9 fevral tarixli 1227 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında
Ə S A S N A M Ə


1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin (bundan sonra - İdarə) fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini, habelə fəaliyyətinin təşkilini müəyyən edir.
1.2. İdarə birbaşa Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə tabe olan hərbi hissədir və onun fəaliyyətinə nəzarət Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən həyata keçirilir.
1.3. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnaməni, habelə bu Əsasnaməni rəhbər tutur.
1.4. İdarə müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, bank və xəzinə hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. İdarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr, maddi-texniki təminatı isə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına maliyyələşdirilir.
1.6. İdarə Bakı şəhərində yerləşir.

2. İdarənin fəaliyyət istiqamətləri

2.0. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. Azərbaycan Respublikasında feldyeger rabitəsinin həyata keçirilməsi;
2.0.2. mühüm dövlət korrespondensiyalarının təyinatı üzrə çatdırılması;
2.0.3. korrespondensiyaların və digər göndərişlərin mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirlərinin görülməsi;
2.0.4. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarının, habelə texniki sənədlərin və sənaye məmulatları nümunələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması.

3. İdarənin vəzifələri

3.0. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. Azərbaycan Respublikasında feldyeger rabitəsinin həyata keçirilməsini təmin edir;
3.0.2. Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusi əhəmiyyətli, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara vaxtında çatdırılmasını təşkil və təmin edir;
3.0.3. korrespondensiyaların və digər göndərişlərin operativ çatdırılmasını təmin etmək üçün daimi fəaliyyət göstərən marşrutlar şəbəkəsini və ya xüsusi marşrutları müəyyən edir;
3.0.4. korrespondensiyaların və digər göndərişlərin mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edir, o cümlədən çatdırılması qeyri-mümkün olduqda onları məhv edir;
3.0.5. vəzifələrini icra edərkən dövlət sirrinin və qanunla mühafizə olunan digər məlumatların mühafizəsini təmin edir;
3.0.6. nəzərdə tutulmuş marşrutun uzaqlığını və onun xarakterini nəzərə alaraq, daşınan korrespondensiyaların və digər göndərişlərin müvafiq üsulla qablaşdırılmasını təşkil edir;
3.0.7. korrespondensiyanın və diplomatik poçtun qəbulu zamanı onların müvafiq qaydalara əsasən qablaşdırılmasına nəzarət edir;
3.0.8. müharibə və fövqəladə hallar zamanı feldyeger rabitəsinin səfərbərlik hazırlığını təmin edir;
3.0.9. xüsusi əhəmiyyətli, tam məxfi, məxfi korrespondensiyaların, digər göndərişlərin və diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən ünvanlara çatdırılması üçün öz əməkdaşlarını kuryer vərəqəsi ilə təmin edir, bu məqsədlə diplomatik korrespondensiyaları və digər göndərişləri daşıyan əməkdaşların qanunla müəyyən edilmiş qaydada diplomatik pasportlarla təmin edilməsi üçün müvafiq tədbirlər görür;
3.0.10. beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;
3.0.11. əməkdaşlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi və eləcə də onların peşə hazırlığının artırılması ilə bağlı tədbirlər görür;
3.0.12. korrespondensiyaları və digər göndərişləri müşayiət edən əməkdaşlarını təhlükəsizlik tədbirləri barədə təlimatlandırır;
3.0.13. İdarədə maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə nəzarət edir;
3.0.14. İdarədə olan arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanmasını və mühafizəsini təmin edir;
3.0.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.0.16. İdarənin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır və müvafiq tədbirlər görür;
3.0.17. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. İdarənin hüquqları

4.0. İdarə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. daşıdığı korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydasını müəyyən etmək;
4.0.2. korrespondensiyaları, digər göndərişləri və onları müşayiət edən əməkdaşlarını nəqliyyatda müəyyən edilmiş tariflər əsasında mövcud dəmiryol, hava, dəniz və avtomobil nəqliyyatı marşrutları ilə göndərmək;
4.0.3. qəbul olunan korrespondensiyaların və digər göndərişlərin sənədləşdirilməsi, marşrutlara bölünməsi və müvafiq ünvanlara göndərilməsi üçün ekspedisiya işini təşkil etmək;
4.0.4. korrespondensiyaları, digər göndərişləri və onları müşayiət edən əməkdaşlarını hava, dəniz və dəmiryol nəqliyyatı müəssisələri ilə, qanuna müvafiq olaraq, hava limanlarında və ya vağzallarda xüsusi avadanlıqla təchiz olunmuş otaqlarda yerləşdirmək;
4.0.5. fövqəladə hallarda korrespondensiyaların, digər göndərişlərin çatdırılmasını və mühafizəsini təmin etmək üçün müəssisə və idarələrdəki rabitə vasitələrindən rabitə haqqını ödəməklə istifadə etmək;
4.0.6. Aparatının əməkdaşlarının seçilməsində, habelə onların peşə hazırlığının artırılmasında iştirak etmək;
4.0.7. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, habelə maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə təkliflər vermək;
4.0.8. xarici ölkələrin feldyeger rabitəsi orqanları ilə qarşılıqlı əlaqələr həyata keçirmək;
4.0.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. İdarənin fəaliyyətinin təşkili

5.1. İdarənin tərkibi hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir.
5.2. idarənin strukturu, hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
5.3. İdarənin fəaliyyətinə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir. İdarənin rəisi İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. İdarə rəisinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. İdarə rəisinin müavini İdarənin rəisi tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.5. İdarənin rəisi:
5.5.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. vəzifə bölgüsü aparır, İdarənin vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu, hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddi daxilində İdarənin Aparatının strukturunun, ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasının layihələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə təqdim edir;
5.5.4. Aparatının struktur bölmələrinin əsasnamələrinin layihələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə təqdim edir;
5.5.5. İdarə rəisinin müavini istisna olmaqla, İdarənin digər hərbi qulluqçularının və mülki işçilərinin vəzifəyə təyin edilməsi, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə təqdimat verir;
5.5.6. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.7. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
5.5.8. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.9. İdarəni təmsil edir.
5.6. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının xidmətkeçmə qaydası İdarənin hərbi qulluqçularına da şamil edilir.
5.7. İdarənin mülki işçilərinin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.8. İdarənin hərbi qulluqçuları xidməti vəzifələrinin icrası ilə bağlı “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və hərbi nizamnamələrə uyğun olaraq, xidməti silah gəzdirə, həmin silahı və eləcə də xüsusi vasitələri tətbiq və onlardan istifadə edə bilərlər.
5.9. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İdarənin hərbi qulluqçuları öz xidməti vəzifələrini icra edərkən tutula və ya həbs edilə bilməz, onlar tərəfindən daşınan korrespondensiyalar və digər göndərişlər toxunulmazdır, açıla və ya həbs edilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 9 fevral tarixli 1227 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin strukturu
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin Aparatı.

Feldyeger Rabitəsi İdarəsiFeldyeger Rabitəsi İdarəsiFeldyeger Rabitəsi İdarəsiFeldyeger Rabitəsi İdarəsi



FAYDALI KEÇİDLƏR
YENİLİKLƏRƏ ABUNƏ
Abunə ol