

19.08.2019
Prezident İlham Əliyev 2009-cu ilin martın 2-də Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin şəxsi heyəti üçün tikilmiş xidməti yaşayış binasının açılışında iştirak etmişdir.
İdarə rəisi – polkovnik T.Nəsirov Azərbaycan Prezidentinə raport verdi.
Dövlətimizin başçısı açılışı bildirən rəmzi lenti kəsdi və bina ilə tanış oldu.
Respublika Prezidentinə məlumat verildi ki, binanın tikintisinə ötən ilin martında başlanmışdır. Ümumi sahəsi 1050 kvadratmetr olan binada iki otaqlı 4 və bir otaqlı 2 mənzil ailəli, bir otaqlı 10 mənzil isə subay hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur.
Hazırda Hacıqabul, Ucar, Şəmkir, Ağstafa və Siyəzən regional şöbələrinin şəxsi heyətləri üçün xidməti yaşayış binalarının inşası başa çatmaqdadır və bu ilin birinci rübünün sonunda onların da təhvil verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev binanın mənzillərində yaradılmış şəraitdən razılığını bildirdi.